English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

AİLƏ BÜDCƏSİNİ KİM İDARƏ ETMƏLİDİR ?

Alt Standart :"Ailə büdcəsi anlayışını sadə izah edir "
Ekspertlərin fikrincə, bu məsələdə hər iki ailə başçısı ,həm ata .həm ana yaxından iştirak etməlidir. Övladların bu maraqlı prosesdə iştirakı isə onların gəəcək həyata hazırlanmasında mühüm rol oynayır.
Son illər Azərbaycanda boşanmaların sayı artmaqdadır. Aparılan araşdırmalar göstərir ki, əksər hallarda uğursuz evliliklərin kökündə xasiyyətlərin tutmaması dayansa da, bəzən maddi sıxıntılar da ailələrin dağılmasında az rol oynamır. Bu baxımdan ekspertlərin böyük əksəriyyəti hər bir ailədə «ailə büdcəsi»nin tətbiq edilməsini vacib sayırlar.
Yeri gəlmişkən vurğulayaq ki, bu gün inkişaf etmiş bütün ölkələr, o cümlədən Avropa Birliyi ölkələrində ailə büdcəsi tətbiq edilir. Bunun əhəmiyyəti ondan ibarətdir ki, hər bir ailə öz gəlir və xərcini planlı şəkildə proqnozlaşdırır. Adətən ailə üçün ən ciddi problemlərdən biri ailə büdcəsinin xərclər hissəsinin planlaşdırılmasıdır. Yəni gələn vəsaitin necə xərclənməsidir. Azərbaycanda ailə büdcəsi yeni formalaşan bir anlayışdır. Çünki keçmiş SSRİ dövründə termin olaraq Azərbaycanda ailə büdcəsindən istifadə olunmayıb. Ekspertlər bildirir ki, ailə büdcəsinin planlaşdırılmaması ailələrə öz xərclərini düzgün istifadə etməyə imkan vermir.
Mövzu ilə bağlı fikirlərini açıqlayan İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da deyib ki, xarici ölkələrdə ailələrin böyük bir qismi öz ailə büdcələrini planlaşdırmasına baxmayaraq, Azərbaycanda belə bir planlaşdırma həyata keçirilmir: «Qiymətləndirmələrimiz göstərir ki, Azərbaycanda bütün ailələrin təxminən 20 faizi büdcəni planlaşdıra bilir.Düzdür, ailə büdcəsinin planlaşdırılması ilə bağlı Azərbaycanda xeyli irəliləyişlər var. Amma yenə də hər on ailədən səkkizində büdcənin tam olaraq planlaşdırılması həyata keçirilmir: “Bu gün inkişaf etmiş ölkələrdə, məsələn, Böyük Britaniyada ailələrin təxminən 90 faizi ailə büdcəsini planlaşdırır. Böyük Britaniyanın statistika idarəetmə saytında ailə büdcəsinin planlaşdırılması ilə bağlı xüsusi kalkulyator var. Ailələr həmin büdcə formasından istifadə edərək, inflyasiya səviyyəsini nəzərə alaraq, gəlirlərini daxil etmək və xərc maddələrini seçməklə büdcələrinin planlaşdırılmasını həyata keçirirlər. Həmin ölkələrdə ailə büdcəsinin planlaşdırılması üçün instisional baza var”.
Büdcənin planlaşdırılmasında müəyyən çətinliklər var


Ekspertin sözlərinə görə, Azərbaycanda ailə büdcəsinin planlaşdırılmaması bir sıra problemlər yaradır: “Həmin problemlərdən biri ondan ibarətdir ki, ailələr aldıqları maaşları ayın əvvəlində xərcləyirlər, bəzi hallarda ayın sonunda borc götürməyə məcbur qalırlar. Ailə büdcəsində vəsait olmadığından kimdənsə borc alırlar. Ailə öz büdcəsində ona lazım olan əsas xərcləri müəyyənləşdirməlidir. Çalışmaq lazımdır ki, maaş alınan günlərdə bazarlıq edilməsin. Bu, ailənin daha çox pul xərcləməsinə gətirib çıxarır. Əmək haqqı alınan günlər evdə pul çox göründüyündən lazım olmayan istiqamətlərə belə vəsait xərclənir. Yaxşı olardı ki, ailə bazarlıq üçün konkret günlər müəyyənləşdirsin”.
Ailədə vəsaitlərin kim tərəfindən idarə edilməsinə gəlincə, Vüqar Bayramovun fikrincə, burada hər iki ailə başçısı iştirak etməlidir: “Avropa təcrübəsi göstərir ki, xərclər barədə birgə qərarların qəbulu daha məqsədəuyğundur. Ailə başçılarının vəsaitlərin xərclənməsi ilə bağlı birgə qərar vermələri birmənalı şəkildə daha doğru və daha düzgün qərarların verilməsinə səbəb olur. Ailədə bu sahədə hegemon mövqeyin olması iqtisadi baxımdan arzuolunan deyil. Qənaət və vəsaitin daha doğru xərclənməsi daha çox müzakirələr zamanı mümkündür və belə olduqda ailə büdcəsinin düzgün planlaşdırılması baş tutur”.
Azərbaycanda ailə büdcəsinin planlaşdırılması üçün kalkulyator və ya büdcə forması olmadığını deyən iqtisadçı bunun üçün təklif irəli sürüb: “Çox yaxşı olardı ki, Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər qurumlar vətəndaşlar üçün onlayn hesablama kalkulyatorları hazırlayıb sayta yerləşdirsinlər və daim yeniləsinlər. Vətəndaşlar həmin kalkulyatordan istifadə etməklə öz ailə büdcəsini planlaşdıra bilər. Bu, vətəndaşlara əldə etdikləri gəlirləri daha qənaətlə xərcləməyə imkan verər”.
Vüqar Bayramov həmçinin onu da qeyd edib ki, ailənin gəlirlərinin səmərəliliyi onun büdcəsinin planlaşdırılmasından asılıdır: “Elə ailələr var ki, kifayət qədər gəlirləri var, amma yenə də öz xərclərini qarşılaya bilmirlər. Amma elə insanlar da var ki, az gəlirləri olsa da, qənaət və öz xərclərini planlaşdırmaqla hətta gələcək üçün vəsait toplamağa da nail olurlar. Ailə büdcəsi çox vacibdir. Əgər ailədə büdcə planlaşdırılmırsa, ailədə qənaət yoxdursa, ərzaq və qeyri-ərzaq məhsullarının alınmasında israfçılığa yol verilirsə, gəlir çox olsa belə, ailənin xərclərini qarşılamaq mümkün olmayacaq”.
Şərt deyil ki, kişi evə qazanc gətirir
Məsələyə münasibət açıqlayan Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Gülər Məmmədova isə deyib ki, bəzən ailəni daha çox ana idarə etdiyindən övladların düşüncəsində bəzən “ata” statusu ikinci plana keçiri: “Ailəni təkbaşına idarə edən qadın çox vaxt qərarları özü verməli olur. Həm ananın idarəçiliyi, bəzən isə həm də atanın uzaqda olması ailədə “ata” statusunun azalmasına gətirib çıxarır. Uşaqlarda “ata” ünvanının düzgün formalaşmasında ananın da müəyyən rolu var. Bu mövzuda ananın üzərinə çox böyük məsuliyyət düşür. O, atanın ən adi hərəkətini belə qiymətləndirməli, onun bu evdə birinci olduğunu vurğulamalıdır. Övladın, xüsusən də oğulun atadan çəkinməsi onun bir çox mənfi hərəkətlərdən uzaqlaşmasına şərait yaradacaqdır. Lakin bu statusu ata özü qazanmalıdır. Ana isə bu düşüncəni inkişaf etdirməlidir. Əgər ata özü bu düşüncəni formalaşdıra bilməyibsə, ana nə qədər “atan nə desə odur”, “evdə atanın sözü keçərlidir” desə də, bunun heç bir faydası olmayacaq. Ata getdiyi yerdən asılı olmayaraq ailə başçısı olduğunu unutmamalıdır ”.

Ailə büdcəsinin kim tərəfindən idarə olunmasına da toxunan ekspert deyib ki, bununla bağlı hər iki tərəfin ortaq qərarı olmalıdır: «Düzdür, adətən deyirlər ailəni dişi quş qurar. Lakin nəzərə almaq lazımdır ki, dişi quş tək başına qanad çırparsa tez yorular. Və hər şey yarıda qala bilər. Yəni, ailə fərdlərindən biri, xüsusilə də ata uzaqda olarsa, həm məişət işləri, həm də uşaqların tərbiyəsi qadının üzərinə düşür. Problemlərlə tək başına mübarizə aparmalı olan qadın bir növ yorulur. Maddi tərəfdən təmin olunan qadının həm də mənəvi dəstəyə ehtiyacı olur. Bu mövzuda qohumların rolu böyükdür. Bu zaman qadın özünü tək hiss etmir. Onların mənəvi dəstəyi bir növ qadının ayağa qalxmasına kömək olur. Mən deyərdim ki, ağıllı qadın uşaqlarının xoş gələcəyini görmək istəyirsə, bu cür problemlərdən tək başına çıxmalıdır. Qazanc dalınca gedən ailə başçısı onsuzda bir gün geri qayıdacaq. Bu müddət ərzində ana iradəli davranaraq uşaqların tərbiyəsində daha nizam-intizamlı olmalıdır. O, düşünməlidir ki, “əgər həyat yoldaşım yanımda deyilsə, onun vəzifəsini də mən icra etməliyəm.Məsələn, uşaqlarımla dost olmalı, onlara atalarının yoxluğunu hiss etdirməməliyəm. Bu düşüncədə olan qadın hər zaman problemlərdən çıxış yolu tapacaq. Ətrafdan nə qədər dəstək olsa da, qadının ən böyük dayağı onun həyat yoldaşıdır. Yaxşı olardı ki, kişilər uzaqda olsalar belə, hər gün ailələrini diqqətdə saxlasınlar. Şərt deyil ki, onlar evə qazanc gətirir, kişilər həm də evə gətirdikləri qazancın düzgün bölüşdürülməsində iştirak etməlidirlər. Bu zaman ailələr həm maddi, həm də mənəvi cəhətdən möhkəm olacaqlar”.

Комментариев нет:

Отправить комментарий

Related Posts Plugin for WordPress, Blogger...